1. Məndən Başqa Allahların Olmasın... Dünyada,
yalnız bir Allah var və hər birimiz Ona iman etməliyik. Ona səcdə
qılmalıyıq və Onun üçün yaşamalıyıq. Real həyatda çoxları Allahdan
başqa hər şeyə etibar, itaət, səcdə edir və onlar üçün yaşamağa
hazırdırlar. Çoxları pul xatirinə yaşayır və ona güvənirlər. Pul
onların allahına çevrilir. Digərləri insanlara, onların işlərinə və
mülkiyyətinə etibar edirlər. Başqaları isə sadəcə olaraq həyatlarını
özləri üçün, öz mənafeləri üçün yaşayırlar. Siz nə vaxtsa Allahdan
başqa nəyə və ya kimə görə yaşamısınızmı ? Bu gün gördüyünüz işlər üçün
sizin niyyətiniz və məqsədiniz nədir? Bəs dünən üçün necə? Bizim
niyyətlərimiz həyatımızın Allaha bağlı olub olmadığını göstərir və O,
bundan xəbərdardır.
2. Bütlərə sitayiş etmə və heç bir şeyin surətini düzəltmə.
Çoxları
özlərini qorumaq və xoşbəxt olmaq üçün göz muncuğu, üzərlik, at nalı və
s. kimi amuletlərdən istifadə edirlər. Yəqin ki, çox insanlar
düşünmürlər ki, bütün bu şeylər "bütlərdir." özünüzü qorumaq və
xeyir-dua almaq üçün öz taleyinizi bu əşyalara həvalə etdikdə, siz
Allahı, Onun himayəsini və xeyir-dua verici səlahiyyətini bir kənara
qoyaraq, Allahı cismlərə dəyişirsiniz.
3. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə.
Yəqin
ki, dəfələrlə adamların Allahın adını boş yerə çəkdiklərinin şahidi
olmusunuz: inşallah, Allah qoysa, Allah haqqı, ay Allah, Vallah və s.
Əgər bu sözləri sidq ürəkdən deyiriksə və mənasını dərk ediriksə, bu
doğrudan da gözəl səslənir. Ancaq biz bunları ürəkdən deyil, yalnız söz
xatirinə deyiriksə, onda bu Allaha qarşı günahdır.
Bəzən
həyatda elə təsadüflər olur ki, insan sözün düzünü dedikdə belə, ona
inanmayacaqlarını düşünür və and içməklə öz sözünü möhürləyir. Lakin bu
belə olmamalıdır. Əgər biz əminiksə ki, sözün düzünü deyirik, onda
insanların bizim sözümüzə inanmayacaqları bizi narahat etməməlidir.
Çünki biz insanlar üçün deyil, Allah üçün yaşamalıyıq və bunun
mahiyyətini dərk etsək heç zaman and içmərik.
4. Şənbə ( istirahət günü) gününü yadda saxlayıb, təqdis et.
İstirahət
günü, yaradılış zamanından bəri Allah tərəfindən seçilmiş gündür. O,
yeri və göyü altı gün ərzində yaratmış və yeddinci gün, yəni Rəbbin
Günü (istirahət günü) işləməyib, dincəlmişdir. Bu günü isə insanlara,
Ona həsr edərək, ibadət etməyi buyurmuşdur. Əslində bu gün, sizin
düşündüyünüz kimi şənbə gününə deyil, Azərbaycanda ümumxalq istirahət
günü kimi qəbul olunan yeddinci günə təsadüf edir. Görəsən nə qədər
insan Allahın verdiyi bu gündə Allaha ibadət edir və öz işlərindən vaz
keçirlər ?
5. Ata və anana hörmət edin.
Allah bizə
valideynlərimiz vasitəsilə bu dünyaya göz açmağa imkan vermişdir və
onun əmri budur ki, biz valideynlərimizə hörmət edək. Siz
valideynlərinizə hörmət edirsinizmi? Əgər sizin valideynlərinizin
arzuları və məsləhəti Allahın sözünə ziddirsə, siz onların məsləhətinə
tabe olmamalısınız. İsa İncildə (Matta 10-cu fəsil, 37-ci ayədə) deyir:
"Atasını və ya anasını Məndən artıq sevən Mənə layiq deyil, oğlunu və
ya qızını Məndən artıq sevən Mənə layiq deyil." Valideynlərinizə öz
əməlləriniz, münasibətləriniz və sözlərinizlə hörmət göstərirsinizmi?
6. Qatillik etmə.
İsa
bizi xəbərdar edirdi ki, əgər biz qardaşımıza qarşı qəzəbliyiksə onda
biz mühakimə olunmaq təhlükəsindəyik. Əgər biz qardaşımıza nifrət
ediriksə, Allah bizi qatil adlandırır. Biz bu qanunu münasibətimiz və
məqsəd-lərimizlə poza bilərik. Göz ilə görünən əməllərimizlə yanaşı,
bizi bu əməllərə sövq edən ürəyimizin fikir və düşüncələri də Allahı
narahat edir. 21) Siz eşitmisiniz ki, qədim zamanların adamlarına
deyilmişdi: Qatillik etmə. Kim qatillik edərsə mühakimə olunmalıdır.
22) Mən isə sizə deyirəm qardaşına boş yerə hirslənən hər adam mühakimə
olunacaqdır; qardaşına "qaqa" deyərsə, Sinedrionun hökmünə məruz
qalacaqdır. Və kim "səfeh" deyərsə, cəhənnəm oduna məruz qalacaqdır
(Matta Müjdəsi, 5-ci fəsil, 21-22-ci ayələr).
7. Zina etmə.
Qadın-kişi
münasibətləri Allah tərəfindən əhd münasibətinə əsaslanaraq, nigah üçün
ayrılmış, sevincin və nəslin çoxaldılması məqsədi ilə verilmiş
xeyir-duadır. Allah aydın olaraq kiminsə nigahda olmadan cinsi əlaqəyə
girməsini günah adlandırır.
İsa bu günah haqda Matta Müjdəsi, 5 fəsil 27- 28 ayələrdə belə deyir :
27)
Qədim zamanların adamlarına: Zina etmə, deyildiyini eşitmisiniz 28)
Amma Mən sizə deyirəm: Bir qadına şəhvətlə baxan hər adam, artıq
ürəyində onunla zina etmiş olur.
8. Oğurluq etmə.
Bu,
yalnız cansız əşyalara aid deyil. Məktəbdə kiminsə cavabını öz adına
şamil etmək də oğurluqdur. Bu, həm də alqı-satqı (alver) zamanı edilən
aldatmalara aiddir. Eyni cür hökumətdən işıq, qaz, su kimi kommunal
ödənişlərdən yayınmaq da buna aid edilir.
9. Kimsəyə qarşı yalan şahidlik etmə.
Allahın
sözündə deyilir: Allah həqiqətdir. şeytan isə bütün yalanların
atasıdır. Allahın kəlamında aydın göstərilir ki, O, həqiqəti sevir,
yalana isə nifrət edir.. (Süleymanın məsəlləri kitabı 6:16-17). Yalan
Allaha qarşı günahdır. Bu barədə düşünməsəniz də, bu real həqiqətdir.
Süleymanın məsəlləri kitabında 21:28-də belə yazılıb: "Yalançı şahid
həlak olar..." Həyatda bəzi insanlar danışdıqları hadisəni maraqlı
göstərmək üçün şişirdirlər. Bəziləri pis əməllər edirlər və bunu
yalanla ört-basdır edirlər. Bəziləri qazanc əldə etmək üçün yalandan
istifadə edirlər. Bəziləri övladlarını itaətkar etmək üçün yalana əl
atırlar. Bəziləri öz işlərini həyata keçirmək üçün kiməsə yaltaqlanır
və yalançı təriflərdən istifadə edirlər. Yalanın formaları müxtəlif
olsa da, yalan yalandır və Allahın ciddi surətdə mühakimə etdiyi və
adlandırdığı günahdır.
10. Heç kimin evinə tamah salma. Kimsənin arvadına, quluna, qarardaşına - heç bir şeyinə tamah salma.
Tamahkarlıq
sənə aid olmayan bir şeyi arzulamaq deməkdir. Bizim nəyinsə və ya
kiminsə həsrətində olmağımız Allahın bizim həyatımıza verdiyi təminatla
razı olmadığımızdan xəbər verir. Bu bizim Allaha və Onun təminatına
inamımızın azlığından xəbər verir. Bu, həm də bizə məxsus olmayan
əşyalara qarşı cismani və xudbin istək və maraqlarımızı üzə çıxarır.
Həqiqət
bundadır ki, Allahın Tövrat kitabındakı bu on əmrin çoxunu hər birimiz
pozmuşuq. Bu əmrlər hər yerdə və hamı üçün eynidir. Əvvəldə deyildiyi
kimi Allahın dediyinə qarşı itaətsizliyimiz PİS NƏTİCƏLƏRƏ gətirib
çıxarır.
Çıxış kitabı, 34-cü fəsil 7-ci ayədə Allah Musaya
deyir: "...lakin (günahlıları) cəzasız qoymaram, ataların cəzasını
üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə vərərəm."
Tövratdakı
Yaradılış kitabında deyildiyi kimi günahımıza görə cəzamız ruhani və
cismani ölümdür. ölümün nəticəsi həm bu dünyada, həm də axirət
dünyasında Allahdan ayrılıqdır.